İKİNCİ PADŞAHLAR25azb_bsa
1Onun padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi.2Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı.3Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı.4Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər.5Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı.6Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər.7Sidqiyanın oğullarını gözü qabağında öldürdülər, özünün isə gözlərini çıxartdılar və qandallayıb Babilə apardılar.8Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın yeddinci günü Babil padşahının əyanı olan mühafizəçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi.9O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı.10Mühafizəçilər rəisi ilə birgə gələn bütün Xaldey ordusu Yerusəlimin ətrafındakı divarları uçurtdu.11Mühafizəçilər rəisi Nevuzaradan şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və başqa əhalini sürgün etdi.12Ancaq o, bağçılıq və əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.13Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardılar.14İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, nimçələri və bütün tunc qabları götürüb apardılar.15Mühafizəçilər rəisi xalis qızıldan və gümüşdən olan bütün şeyləri – buxurdanları və piyalələri götürdü.16Rəbbin məbədi üçün Süleymanın düzəltdiyi iki sütunda, hovuzda və dayaqlarda olan bütün tuncun ağırlığı hesaba gəlməzdi.17Bir sütunun hündürlüyü on səkkiz qulac idi və üzərində tunc başlıq var idi. Başlığın hündürlüyü üç qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi. Hər şey tuncdan düzəldilmişdi. O biri sütun da hörmə torla birgə bu cür idi.18Mühafizəçilər rəisi başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və üç astana keşikçisini əsir aldı.19Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan beş nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu.20Mühafizəçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı.21Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.